Namazın əvvəlindəki təkbiri və namazın digər təkbirlərini deyən zaman əlləri qulaq bərabərində qaldırmaq lazımdırmı?

Namazın əvvəlində niyyətdən sonra təkbirətül-ehram adlanan “Allahu əkbər” kəlməsi mütləq deyilməlidir. Bu, namazın başlanğıcı, vacib əməli sayılır və bundan sonra namaz qılana haram olan əməllərin (məsələn, qiblədən dönmək, artıq danışmaq və s.) hökmü qüvvəyə minir. Namaz əməllərinin arasında təkbir söyləmək isə müstəhəbdir, vacib deyil. Təkbir deyilən zaman əlləri yuxarı, qulaq bərabərinə qaldırmaq, baş barmaqları qulağın sırğalıq hissəsinə yapışdırmaq, qalan dörd barmağı isə bir-birinə birləşdirib açmaq müstəhəbdir. Şiə məzhəbinə görə təkbirlər zamanı bədən aram halında, yəni hərəkətsiz olmalıdır, əlləri qaldırandan sonra aram halda təkbir söyləmək, təkbiri bitirdikdən sonra əlləri aşağı salmaq lazımdır. Amma əhli-sünnə şəriətinə görə təkbirlər hərəkət halında deyilir, yəni bir əməli bitirib növbəti əmələ keçə-keçə təkbir söylənilir.