İslam suallarda
Allah-Taala dörd səmavi kitabdan əlavə yenə başqa kitablar göndəribmi?

Müsəlmanların inancına görə, Allah-Taala öz peyğəmbərlərindən dördünə böyük həcmli vəhy göndərmişdir və bu vəhylər kitab halına salınmışdır. Həzrət Musaya (ə) Tövrat, Həzrət Davuda (ə) Zəbur, Həzrət İsaya (ə) İncil, Həzrət Mühəmmədə (s) isə Quran nazil olmuşdur. Quran səmavi kitabların sonuncusu və ən kamilidir. Lakin bunlardan əlavə bəzi peyğəmbərlərə endirilmiş vəhylər də vaxtilə yazı halına salınmışdır. Bunlara səhifə, cəm halda isə suhuf deyirlər. Hədislərə görə, Həzrət Adəmə (ə) 10, onun oğlu Şiys Peyğəmbərə (ə) 50, Həzrət İdrisə (ə) 30 və Həzrət İbrahimə (ə) 10 səhifə nazil olmuşdur. Sühufun mətni günümüzə kimi bütöv halda gəlib-çatmamışdır. Bəzi müsəlman mənbələrində həmin səhifələrdən fraqmentlərə rast gəlmək olar.