Sədəqənin faydaları nədir?

Sədəqınin faydaları çoxdur. Çoxsaylı hədislərdə tez-tez sədəqə vermək möminlərə tövsiyə olunur. Hədislərdə deyilir ki, sədəqə xəstəyə şəfa verir, hətta qətiləşmiş bəlanı dəf edir, ruzini çoxaldır. Həmçinin həfislərdə nəql olunur ki, sədəqə bəndənin əlinə çatmazdan qabaq Allaha çatar, bərəkət gətirər, borcu ödəyər, malı çoxaldar, pis ölümü, xəstəliyi, ağır bəlanı, odda yanmaq və suda batmaq kimi bəlaları, cüzamı, dəliliyi və yetmiş bəlanı insandan uzaqlaşdırar. Buna görə də hər hansı bəlanı aradan qaldırmaq, səfərdə olan adamı qorumaq, hətta hələ baş verməmiş bəlalardan özünü sığortalamaq üçün sədəqə vermək məsləhətdir.
Sədəqəni istənilən vaxt və günün istənilən zamanında vermək olar. Müstəhəbdir ki, günün əvvəlində verilsin, bu sədəqə həmin günün bəlasından saxlayar. Həmçinin gecənin əvvəlində də sədəqə vermək müstəhəbdir, bu sədəqə gecə baş veürə biləcək bəlanı dəf edir.