İslam suallarda

İslam tarixində Həbəşistana hicrət nə zaman və hansı şəkildə baş vermişdir?

Həbəşistana hicrət İslam tarixində ilk hicrət (köç) hadisəsidir, İslamın gəlişinin beçinci ilində (miladi 614-cü il) iki mərhələdə baş vermişdir və Peyğəmbər bu hicrətdə iştirak etməmişdir.

Məkan olaraq Həbəşistanın seçilməsinin səbəbi bu idi ki, o zaman həbəşlər xristian dininə inanırdılar (müsəlmanlar xristianları özlərinə müşriklərdən daha yaxın bilirdilər), onların hökmdarı nəcaşi isə ədaləti ilə şöhrət qazanmışdı.

Əvvəlcə 15 nəfərlik dəstə (4 nəfəri qadın olmaqla) Həbəşistana köçdü. Onların sırasında Osman ibn Məzun (dəstənin başçısı), Osman ibn Affan, onun həyat yoldaşı – Peyğəmbərin qızı Ruqəyyə, Əbdürrəhman ibn Avf, Zübeyr ibn Əvvam, sonralar Peyğəmbərimizə ərə gedəcək Ümmi-Sələmə də var idi.

Müsəlmanlar Həbəşistanda səmimi qarşilandılar, onlar üçün sərbəst həyat şəraiti təmin edildi. Bir ildən sonra 100 nəfərlik yeni dəstə Həbəşistana yollandı. Bu dəfə onlara İmam Əlinin (ə) qardaşı Cəfər ibn Əbu Talib başçılıq edirdi.

Bütpərəstlər köçənləri qaytarıb cəzalandırmaq üçün Həbəşistana bahalı hədiyyələrlə elçi göndərdilər. Lakin nəcaşi onların yanında müsəlmanlarla İslam dini barədə söhbət etdikdən, Qurani-Kərimin bakirə Məryəm haqqında ayələrini eşitdikdən sonra qəti şəkildə bildirdi ki, qaçqınları məkkəlilərə təslim etməyəcək.

Müsəlman icması Həbəşistanda təqribən 13 il əmin-amanlıq içində yaşadı. Hicrətin 7-ci ilində (miladi 628-ci il) onlar Ərəbistana qayıtdılar.

Daha çox göstər
Back to top button