İslam suallarda

Əhli-sünnənin namaz hökmlərində qünut varmı?

Namaz zamanı ayaq üstə (qıyam halında) əlləri qaldırıb sifətin müqabılində qoşalaşdıraraq dua oxunmasına qünut deyilir.

Cəfəri məzhəbinə əsasən, bütün gündəlik namazların ikinci rükətində, Fatihə və başqa bir surə oxunduqdan sonra qünut tutulması müstəhəbdir.

Əhli-sünnə məzhəbləri içində şafiilər sübh namazının ikinci rükətində rükudan qalxdıqdan sonra qünut duası oxumağı sünnət sayırlar. Maliki məzhəbində ikinci rükətin rükusundan əvvəl qünut tutmaq məndubdur (bəyəniləndir). Hənəfi və hənbəli məzhəblərinə görə, yalnız hər hansı müsıbət, təbii fəlakət, bəla üz verdiyi zaman sübh namazında qünut tutmaq müstəhəb sayılır.

Həmçinin, vitr namazının üçüncü rükətində, rükudan əvvəl qünut duası oxumaq hənəfi məzhəbində sünnətdir. Şafii və hənbəli məzhəblərində qünutu üçüncü rükətin rükusundan sonra yerinə yetirmək sünnət sayılır. (Şafii məzhəbində bu yalnız Ramazan ayının ikinci yarısında qılınan vitr namazlarına aiddir). Maliki məzhəbində isə vitr namazı qünutsuz qılınır. Cəfəri məzhəbində vitr namazının rükusundan əvvəl qünut tutulur.

Daha çox göstər
Back to top button