İslam suallarda

Niyə Yasin surəsini Quranın qəlbi adlandırırlar?

Həzrət Mühəmməd Peyğəmbərdən (s) belə bir hədis rəvayət ediblər: “Hər şeyin qəlbi vardır, Quranın da qəlbi Yasin surəsidir”. Məlum olduğu kimi, qəlb (ürək) bədənin ən mühüm üzvüdür. Qəlbsiz bir canlını təsəvvür etmək mümkün deyil, əgər ürək olmasa, canlının həyatına da son qoyular. Ürək insan həyatının əsası deməkdir, insanın bütün fəaliyyəti ona borcludur.

Yasin surəsi də İslam dininini Ana Kitabı olan Quranın bütün möhtəviyyatının əsasını özündə daşıyır. Yasin nadir surələrdəndir ki, orada Quranın məğzini təşkil edən tövhid əqidəsi geniş şəkildə öz əksini tapıb. Bu surədə Allahın varlığı və təkliyi, yaradıcılıq və bəsləyicilik sifəti, peyğəmbərlik, ölümdən sonrakı həyat və qiyamət kimi etiqadi məsələlər ətraflı şəkildə izah edilib, həm də keçmiş ümmətlərin əhvalatlarından nümunələr verilib. Təsadüfi deyil ki, dünyasını dəyişmiş insanın ruhuna hədiyyə etmək üçün də Yasin surəsinə üstünlük verilir.

Daha çox göstər
Back to top button