Quranda adı çəkilən Bəkkə haradır və Məkkı ilə fərqi nədir?

Qurani-Kərimə yazılmış şərhlərdən aydın olur ki, Bəkkə – müqəddəs Kəbə evinin yerləşdiyi ərazinin adıdır. Quranda buyurulur: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir” (Ali-Imran, 96). Bu söz Quranda bircə dəfə, yuxarıdakı ayədə işlənmişdir.
“Bəkkə” sözünün ərəb dilində “camaatın sıx olduğu yer, basırıq yer” mənasını bildirdiyi söylənilir. Çünki həcc mövsümündə burada böyük izdiham olur. Hədislərdə buyurulub ki, Bəkkə – Kəbə evinin yerləşdiyi məhəlləyə deyilir, Məkkə isə bütünlükdə şəhərin adıdır.
Quranda niyə yalnız bir ayədə “Məkkə” deyil, “Bəkkə” sözünün işlənməsi üçün fərqli səbəblər qeyd edilib. Səbəblərdən biri kimi bu göstərilir ki, Quran surələrində sözlərin, hətta bəzi hərflərin işlənmə sayı dəqiq riyazi qanunauyğunluğa tabedir. Mühüm sözlərin və hərflərin işlənmə sayının 19 ədədi ilə və buna bölünən ədədlərlə bağlı olduğunu yazırlar. Bəzi tədqiqatçıların fikrincə, əgər yuxarıdakı ayədə “Bəkkə” yox, “Məkkə” sözü işlənsəydi, həmin qanunauyğunluq pozulardı. Bu nəzəriyyənin tərəfdarları olduğu kimi, tənqidçiləri də vardır.