Bəzi din alimlərinin adında işlədilən “Siqətül-İslam” sözünün mənası nədir və ad kimlərə verilir?

Ərəb dilindən tərcümədə bu söz “İslamın etibarlı, inanılmış adamı” mənasını verir. Məsələn, “vəsiqə” sözü də bu kökdəndir və hansısa məsələni sübut edən etibarlı sənəd sayılır. Hədis elmində hədis rəvayətçilərindən bəzilərini “siqə” adlandırırlar. Bu, elə şəxsdir ki, onun ədalətli, düzdanışan, düzgün əqidəli, sağlam yaddaşlı şəxs olması təsdiq edilib. Siqə ravinin hədisləri etibarlı və güvənli sayılır.
Siqətül-İslam ləqəbi din alimlərinə verilən ləqəblərdən biridir (hücətül-İslam, ayətullah kimi). Bu ləqəb daha çox hədisçilik sahəsində böyük xidmət göstərmiş alimlərə verilir. Məsələn, İslam tarixində bu ləqəblə tanınmış ən məşhur şəxsiyyət “əl-Kafi” adlı hədis məcmuəsini tərtib etmiş Küleynidir. Onun hədis elmindəki dərin biliyini, araşdırıcılıq bacarığını, hədis alimi üçün tələb edilən şəxsi keyfiyyətlərini nəzərə alaraq, dini kitablarda adını bu ləqəblə qeyd edirlər.