Seyidlərə nəzir və sədəqə vermək icazəlidirmi?

Peyğəmbər nəslinin mənsubları olan seyidlər müsəlman cəmiyyətində ehtirama layiqdirlər. Dinimiz seyidlərlə hörmətlə davranmağı tövsiyə etməklə yanaşı, onların cəmiyyətdə öz mövqelərini qorumaları üçün də qaydalar müəyyən edib. Belə ki, xümsün yarısı – seyid malı ehtiyacı olan, fəqir seyidlərə verilməlidir. Allah-Taala fəqir seyidlərə yardım etməyi imkanlı şəxslərə şəriət vəzifəsi təyin etməklə, onlara minnət əsasında yaxşılıq etməyin qarşısını alır. Hətta fitrə zəkatını da seyid olmayan şəxs seyidə verə bilməz, yalnız seyid başqa bir fəqir seyidə fitrə zəkatı verə bilər. Seyidə sədəqə vermək olmaz. Amma nəzirin seyidə verilməsi icazəlidir. Xalq inancına uyğun olaraq insanlar müyyən niyyətin həyata keçməsi üçün nəcib seyidə yaxud seyid ocağına nəzir deyir, niyyətləri baş tutandan sonra nəziri ona təqdim edirlər. Bu cür nəzir qaydası şəriətə zidd deyil və icazəlidir.