Came ilə məscidin fərqi nədir?

Ərəb dilində məscid – səcdə edilən yer deməkdir. Ölçüsündən asılı olmayaraq, namaz qılmaqdan ötrü inşa edilən məkanlara məscid deyirlər. Adətən, müsəlman ölkələrində hər şəhərin ayrı-ayrı məhəllələrində kiçik məscidlər olur ki, burada həmin məhəllənin sakinləri namaz qılırlar. Came sözü də məscid mənasını ifadə edir. Ərəb dilində bu söz cəm edən, toplayan mənasını verir. Adından da göründüyü kimi, came adətən məsciddən daha çox böyük ölçüyə malik olur və daha çox insanı əhatə edir. Came məscidləri çox zaman bütöv şəhərdən və ya şəhərin iri məhəllələrindən ötrü tikilir. Burada böyük izdihamla camaat və cümə namazları qılınır. Ənənəyə görə, ölkəmizdə əhli-sünnə müsəlmanlara xidmət edən iri məscidlərə came deyirlər. Şiə təbəqəsi isə adətən bu mənada cümə məscidi ifadəsini işlədir.