İslam suallarda

İmam Mehdinin (ə) hazırda rəsmi və təsdiq olunmuş nümayəndəsi (naibi) varmı?

Şiə inancına görə, XII İmam Mehdinin (ə) kiçik qeybət dövründə (874-941) onunla ümmətin arasında 4 nəfər rabitə yaratmışdılar. İmam onları şəxsən şiə icmasının içindən dini-əxlaqi keyfiyyətlərinə əsasən seçir və onlara naiblik məsuliyyətini həvalə edirdi. Naiblər şiələrin sual və istəklərini İmam Mehdiyə (ə) təqdim edir, onun cavabını sahibinə çatdırırdılar. Bu dörd naibi dini kitablarda “səfir” də adlandırıblar.

Dörd naib aşağıdakı şəxslərdən ibarətdir:

  1. Əbu Əmr Osman ibn Səid Əsgəri Əsədi (naiblik dövrü 874-881).
  2. Onun oğlu Əbu Cəfər Mühəmməd ibn Osman (881-917/918).
  3. Əbül-Qasim Hüseyn ibn Ruh Novbəxti (918-938).
  4. Əbül-Həsən Əli ibn Mühəmməd Səməri (938-941).

İmam Mehdi (ə) dördüncü naibin ölümünə 6 gün qalmış göndərdiyi bir məktubda onun tezliklə vəfat edəcəyini, bununla da kiçik qeybət dövrünün sona çatıb böyük qeybət mərhələsinin başlanacağını bildirmiş və bundan sonra İmamın xüsusi naibi olduğunu iddia edəcək hər kəsin yalançı sayıldığını elan etmişdi. Buna görə də həmin dövrdən etibarən İmam Mehdinin (ə) rəsmi nümayəndəsi (naibi) yoxdur. Bəzi müqəddəs şəxslər o həzrətlə görüşmüş, ondan bəzi göstərişlər almışlar, bu gün də bu proses davam etməkdədir. Lakin heç kimin özünü İmam Mehdinin (ə) xüsusi və rəsmi naibi adlandırmağa haqqı yoxdur.

Daha çox göstər
Back to top button