İslam suallarda

Mübahilə nə deməkdir?

“Mübahilə” sözünün ərəb dilindən tərcüməsi “lənətləşmə” deməkdir. Mübahilə hər hansı məsələ üstündə mübahisə edən tərəflər arasında aparılır. Tərəflər təyin edilən vaxtda qarşılaşır və Allah dərgahina xüsusi dua ilə yalvarırlar. Bu zaman onlardan hər biri Allahdan istəyir ki, hansı tərəf nahaqdırsa, ona dərhal bəla göndərsin. Bu, bir-birinə təslim olmaq istəməyən və öz fikrini müdafiə edən iki tərəfin həqiqəti üzə çixarmaq üçün əl atdığı sonuncu üsuldur.

İslam tarixində məşhur mübahilə hadisəsi Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında, hicrətin 9-cu ilinin sonlarında (miladi 631-ci il) baş vermişdir. O zaman Nəcran bölgəsində yaşayan xristianların göndərdikləri nümayəndələr Mədinəyə gəlib peyğəmbərliyə öz şübhələrini bildirmişdilər. Peyğəmbər (s) çıxış yolu kimi mübahiləni təklif etdi. Xristianlar təklifi qəbul edib mübahilə üçün gün də təyin etdilər. Lakin həmin gün Peyğəmbrin (s) mübahiləyə ən yaxın qohumları – qızı Həzrət Fatimə (ə), kürəkəni və əmisi oğlu Həzrət Əli (ə), nəvələri Həsən və Hüseynlə (ə) gəldiyini görən xristianlar son anda mübahilədən imtina etdilər. Bu münasibətlə Quranda “mübahilə ayəsi” kimi tanınan Ali-İmran surəsinin 61-ci ayəsi nazil oldu. Müsəlman (xüsusilə şiə) dünyasında hər ilin zilhiccə ayının 24-ü mübahilə günü kimi qeyd edilir.

Daha çox göstər
Back to top button