Bəzi dini mətnlərdə rast gəlinən “rəfrəf” sözünün mənası nədir?

Ərəb dilində bu kəlmənin fərqli mənaları vardır: döşək, yastıq, saçaq, ətək, nazik ipək parça, pərdə, zərif budaqlı ağac, pöhrə, pəncərə, gözəl naxışlı xalça və s.
Qurani-Kərimdə bu söz “yastıq” mənasında verilir: “Onlar (möminlər) yaşıl yastıqlara və gözəl naxışlı xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar” (İnsan, 76).
Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət olunan bir sıra hədislərdə “rəfrəf” sözü merac gecəsində o həzrətin görmüş olduğu yaşıl bir pərdə anlamını ifadə edir. Üfüqü bürümüş bu pərdə cənnətin əlamətlərindən biri kimi Peyğəmbərə göstərilmişdi. Bəzi hədislərdə isə mələk Cəbrailin geyindiyi yaşıl ipək köynək “rəfrəf” adlandırılır. Həzrət Mühəmməd Peyğəmbərin (s) merac zamanı Sidrətül-müntəhaya çatdıqdan sonra rəfrəf adlı döşəyin üzərində oturduğu və daha yüksəklərə ucaldığı da bildirilir. Bunun döşək deyil, əslində canlı varlıq olduğunu da yazırlar.