Namazda Quran surələrinin əvvəlində “Bismillahir-Rəhmanir-Rəhim” mütləq deyilməlidirmi?

Bu barədə məzhəblərin şəriətində baxışlar fərqlidir. Əhli-sünnə məzhəblərindən hənəfilikdə təkbaşına qılınan namazlarda Fatihədən əvvəl “Bismillahir-Rəhmanir-Rəhim” ayəsini (bəsmələ) oxumaq sünnətdir. Camaat namazında iqtida edən şəxs bəsmələni deməz. Fatihədən sonra oxunan surəni isə bəsmələ ilə başlamaq məsləhət deyil.
Malikilər namazda oxunan surələrin əvvəlində bəsmələ söyləməyi məkruh sayırlar.
Şafii məzhəbində bəsmələ ayəsi sürənin tərkib hissəsi sayılır və söylənməsi fərzdir. Uca səslə qiraət edilən surələrin bəsmələsi də uca səslə deyilir.
Hənbəli məzhəbində isə bəsmələ ayələri Qurandan sayılmır və namaz zamanı surədən qabaq astadan deyilməsi sünnətdir.
Cəfəri məzhəbinə görə, namazda oxunan surələrin əvvəlində bəsmələ mütləq deyilməlidir. İmam Cəfər Sadiq (ə) buyurub ki, əgər bir şəxs namazda Fatihədən sonra oxunan surəni “Bismillahir-Rəhmanir-Rəhim”siz başlasa, gərək namazı təzədən qılsın (Üsulül-Kafi).






