Əgər dini hökmlərə əməl edən bir insana haram qida məhsulu (ət ya kolbasa) verilibsə, o, həmin qidanı qeyri-dindar, haramdan çəkinməyən başqa adama hədiyyə edə bilərmi?

Əvvəla, Allahın haram buyurduqları istisnasız olaraq bütün insanlar üçün haramdır; istər onlar digər dini göstərişlərə əməl etsinlər, istərsə etməsinlər. Bir insanın dini hökmə əməl etməməsi onun boynundan həmin hökmün götürülməsinə səbəb olmaz. İkincisi, dinimiz bizə öyrədir ki, özümüzə rəva bilmədiyimizi başqasına da rəva bilməyək. Haram yeməyi özümüz yemiriksə, başqa birisinə bunu verməyimiz düzgün deyil. O özü həmin qidanı yeməyin haram olduğunu bilməsə də, biz ki bunu bilirik. Bəzən insanlar elə düşünürlər ki, yeməyinin halallığına fikir verməyən şəxslərə haram qidalar vermək olar. Amma anlamırlar ki, bu zaman onların günahına şərik olurlar.
Haram qidadan (məsələn, bismillahsız kəsilən heyvan əti, halallığına şübhə edilən kolbasa) qurtulmaq üçün insan onu heyvanlara yedizdirə bilər. Bu yolla həm israfın qarşısı alınar, həm də heyvanlara qulluq nəticəsində savab qazanılar.






