Ərəb dilindən tərcümədə bu söz “əba əhli”, daha dəqiq desək, “əbanın altında olanlar” deməkdir. “Ali-əba” deyilərkən, Həzrət Mühəmməd Peyğəmbər (s) və daha dörd nəfər – qızı Fatimə (ə), əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talib, (ə) nəvələri Həsən (ə) və Hüseyn (ə) nəzərdə tutulur. Peyğəmbər adları çəkilən dörd nəfəri öz əbasının altına alaraq, onların günahlardan təmizlənməsi haqqında dua etdiyinə görə, bunlara “ali-əba” deyirlər. Dini mənbələrdə “ali-kisa” və ya “əhli-kisa” şəklində də qeyd edilir (kisa – ərəb dilində paltar, geyim deməkdir).
Bu hadisə həm əhli-sünnə, həm də şiə mənbələrində çox ətraflı şəkildə təsvir edilib. Elə bir klassik təfsir və hədis məcmuəsi tapmaq çətindir ki, orada ötəri də olsa, bu hadisə xatırlanmasın. Hədisə görə, bir gün Peyğəmbər əynində qara yundan naxışlı geyim olduğu halda evdən çıxdı. Nəvəsi Həsən (ə) gəldi, Peyğəmbər onu öz əbasının altına daxil etdi. Sonra Hüseyn (ə) gəldi, onu da ora daxil etdi. Sonra Fatimə (ə) gəldi, Peyğəmbər onu da geyimin altına daxil etdi. Daha sonra Əli (ə) gəldi, onu da bunlara qatdı. Sonra buyurdu: “Ey Əhli-beyt! Allah sizdən çırkinliyi yox etmək və sizi tərtəmiz etmək istər”. Bu hadisəni cüzi fərqlə Müslim, Tirmizi, Hakim Nişaburi, Əhməd ibn Hənbəl, Beyhəqi, İbn əl-Əsir və b. öz kitablarında veriblər.
Bu hadisədən sonra Qurani-Kərimin “təthir ayəsi” kimi məşhur olan aşağıdakı ayəsi nazil oldu: “Ey Əhli-beyt! Allah sizdən çırkinliyi yox etmək və sizi tərtəmiz etmək istər” (Əhzab, 33).
