“Sufi” sözü nə zamandan bəri işlədilir?

Bu barədə fikir ayrılıqları vardır. Bəzıləri bunu hicri I əsrin sonu – hicri II əsrin əvvələrinə (miladi VIII əsrin birinci yarısı) aid edirlər. Çünki məş­hur filosof Həsən Bəsrinin dilindən nəql olunan bəzi xəbərlərdə “sufi” sözünə rast gəlinir. Lakin mütəxəssislərin əksəriyyəti bu xəbərləri mötəbər saymır. Daha geniş nəzəriyyəyə görə, ilk dəfə “sufi” ləqəbi ilə tanınmış şəxslər hicri II (miladi VIII) əsrdə yaşamış Əbu Haşim Kufi və məşhur kimyaçı Cabir ibn Həyyan ol­muşlar. Məşhur müsəlman tarixçi və sosiolo­qu İbn Xəldun da sufi anlayışının həmin dövrdən etibarən məlum olduğunu qeyd et­mişdir.

Yazılı şəkildə “sufi” kəlməsinə ilk dəfə görkəmli ərəb ədibi Cahizin “Əl-Bəyan vət-təbyin” əsərində rast gəlinir ki, bu ləqəbi Əbu Haşim Kufiyə aid etmişdir. Bəzilərinin fikrincə, ilk dəfə “sufi” adı ilə tanınmış şəxs hicri 210-cu ildə (miladi 825-826-cı illər) Bağdadda vəfat etmiş Əbdək əs-Sufi olmuş­dur. Hər halda, bəzi nadir xəbərləri istisna etmək şərti ilə, əksər alimlər “sufi” terminınin hicri II əsrdən əvvəl məlum olmadığını qətiyyətlə bildirmişlər.

Exit mobile version