Həzrət Mühəmməd Peyğəmbər (s) uşaq ikən sinəsinin yarılıb ürəyinin təmizlənməsi hadisəsi doğrudurmu?

Bu hadisə bir çox mənbədə (əksərən əhli-sünnə mənbələrində) xatırlanır və “şərhi-sadr” (sinənin yarılması) adlandırılır.
Rəvayətə görə, Həzrət Mühəmməd (s) kiçik yaşlarında, süd anası Həlimənin ailəsində yaşayarkən uşaqlarla (süd qardaş və bacıları ilə) çöldə oynadığı zaman vəhy mələyi Cəbrail (ə) ona yaxınlaşaraq yerə uzatmış, sinəsini yararaq ürəyini çıxarmışdı. Sonra mələk ürəyin içindən qara qan laxtasını çıxarıb kənara atmış və demişdi: “Bu qan laxtası sənin qəlbində şeytana aid olan hissə idi”). Daha sonra Cəbrail (ə) Peyğəmbərin (s) ürəyini qızıl teştin içində Zəmzəm suyu ilə yumuş, yenidən sinəsində yerləşdirmişdi.
Müsəlman tədqiqatçıların bir qismi aşağıdakı səbəblər üzündən bu rəvayəti düzgün saymır:
Birincisi, hadisəni təsvir edən rəvayətlər arasında fəqliliklər görünür. Məsələn, bəzi rəvayətlərə görə bu hadisə Peyğəmbərin (s) 3 yaşında, bəzilərinə görə isə 5 yaşında baş vermişdir.
İkincisi, insanın qəlbindəki yaxşılıq və pislik (xeyir və şər) etiqadi və batini məsələdir. Bunu fiziki mənada qəbul etmək yanlışdır. İnsanın sinəsini yarıb ürəyini çıxarmaqla və ürəyinin içindən qara laxtanı götürməklə həmin insanı mənəvi cəhətdən təmizləmək mümkün deyil. Üçüncüsü, hadisənin təsvirində mələklərin dilndən rəvayət edilən “bu qan laxtası sənin qəlbində şeytana aid olan hissə idi” cümləsi Quran ayələrinə ziddir. Belə ki, Quran ayələrinə görə, peyğəmbərlərin, Allah dostlarının və möminlərin qəlbləri şeytanların üzünə bağlıdır. Şeytanlar bu şəxslərin ürəyinə yol tapa bilməz.
Müasir alimlərin əksəriyyəti bu hadisəni ya bütövlükdə inkar etmiş, ya da rəmzi mənada yozmuşlar.






