İslam suallarda

Peyğəmbərin süd anası kim olub?

Həzrət Mühəmməd Peyğəmbərin (s) süd anası Məkkə ətrafında səhrada yaşayan bədəvi Bəni-Səd qəbiləsinə mənsub olan Haris ibn Əbdülüzzanın həyat yoldaşı Həlimə xatun idi.

O zamanlar Məkkə əhalisi arasında belə bir ənənə vardı ki, yeni doğulmuş uşaqları 5 yaşına kimi ətrafdakı bədəvi qəbilələrin öhdəsinə verərdilər. Bunun bir səbəbi səhra havasının şəhər havasına nisbətən daha təmiz olması idi. Ikinci səbəb isə bununla bağlı idi ki, ərəblər bəlağət və fəsahətlə danışmaq bacarığını yüksək qiymətləndirir, uşaqları körpə vaxtından bu istedadla böyütməyə çalışırdılar. Bədəvilərin danışıq dili daha təmiz, səlis və orijinal idi. Ona görə də uşaq dil açanda səlis ərəb dilini eşitsin deyə, körpələri tərbiyə etmək üçün bədəvi qəbilələlərə verirdilər.

Həzrət Mühəmmədin (s) babası Əbdülmüttəlib də Həlimeyi-Sədiyyənin adının mənasını xeyrə yozaraq, öz nəvəsini ona vermişdi (“Həlimə” sözünün mənası “həlim, yolagedən, mülayim”, “Səd” sözünün mənası “xoşbəxtlik” deməkdir).

Balaca Mühəmməd (s) bu ailədə 5 il yaşadı, həmin müddətdə Həlimənin südü ilə qidalandı. Həlimeyi-Sədiyyə xatırlayırdı ki, Mühəmməd (s) onların ailəsinə daxil olduğu gündən xeyir-bərəkətləri artmışdı. Həzrət Mühəmməd (s) son dərəcə əxlaqlı, pak və düzgün bir uşaq olduğunu hamıya sübut etmişdi.

İslam Peyğəmbəri sonralar da Həlimeyi-Sədiyyəni, onun həyat yoldaşını və uşaqlarını (öz süd qardaşını və süd bacısını) xeyir-dua ilə yad edir, onlarla görüşəndə ən yüksək səviyyədə ehtiram nümayiş etdirirdi. Hətta bir gün Həlimə, Haris və oğulları Peyğəmbərin evinə gələndə o həzrət yerindən qalxmış, süd anasını və atasını döşəyin üzərində əyləşdirmiş, sonra öz döşəyini süd qardaşına verib, özü torpağın üstündə oturmuşdu.

Hüneyn savaşında əsir düşən həmqəbilələri barədə Həlimənin qızı Şiyma İslam Peyğəmbərindən xahiş edəndə o həzrət əsirləri təmənnasız azad etməyi müsəlmanlara təklif etmiş və müsəlmanlar da onun təşəbbüsünü dəstəkləyərək, hər kəs öz payına düşən əsiri azadlığa buraxmışdı.

Daha çox göstər
Back to top button