Bu sözün ərəb dilindən tərcüməsi “səhifələnmiş, səhifə halında olan” deməkdir. Qurani-Kərimin adlarından biri kimi işlədilir. Dini mənbələrdə, xüsusilə hədislərdə Quran mənasında bu sözdən çox istifadə edilib. Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında vəhy ardıcıl olaraq davam etdiyi üçün Quran hələ bütövlükdə köçürülməmişdi və yazı halında mövcud deyildi. Ayrı-ayrı ayələr vəhy katibləri tərəfindən yazıya alınırdı. Ayələr dəri parçalarının, gil lövhələrin və s. üzərində həkk edilmişdi. Buna görə də o zamanlar adətən Qurana “müshəf” deyilmirdi. Peyğəmbərin vəfatından sonra Quran ayələri bütövlükdə yazıya alınıb toplu halına gətirildi. Bu işi ilk görən şəxsin İmam Əli (ə) olduğunu yazırlar. O vaxtdan etıbarən Müqəddəs Kitaba həm də “müshəf” deməyə başladılar. İmam Əlinin (ə) toplayıb həm də qısa şərh yazdığı nüsxəyə “Əlinin (ə) müshəfi” deyirdilər.
Müshəf nədir?
