İslam suallarda
Əgər bir nəfər uşaq yaşında valideyni ilə birlikdə həcc mövsümündə Məkkəyə gedibsə, böyüdükdən sonra onun boynundan həcc vəzifəsi götürülmüş olur?

Dinimizin vacib olan bütün hökmlərinin ilk şərtlərindən biri onu yerinə yetirən şəxsin əqli baxımdan sağlam, azad və yetkin yaşda olmasıdır. Bütün şəriət hökmləri, o cümlədən həcc ziyarəti də insanın öhdəsinə yetkinlik yaşından sonra gəlir. Əgər bir şəxs yetkinlik yaşından əvvəl valideynləri ilə birlikdə həcc ziyarətinə getmişsə, yaxşı olar ki, valideynləri onun da imkan daxilində həcc əməllərini bacardığı kimi yerinə yetirməsinə nzəarət etsinlər. Bu, müqəddəs məkanın ehtiramını gözləmək üçün lazımdır.
Amma bu zaman həmin uşağın boynundan həcc öhdəliyi götürülməz. Uşaq yetkinlik yaşına çatdıqdan sonra boynuna həcc gələrsə, yəni həcc ziyarətini yerinə yetirmək üçün fiziki və maddi imkanı olarsa, bu halda həccə getməlidir.






