Təyəmmüm etmək üçün xüsusi torpaq lazımdır, yoxsa hər cür torpağa təyəmmüm etmək olar?

İslam şəriətinə görə, dəstəmaz və ya qüsl almağa heç cür imkanı olmayan (su tapmayan yaxud sudan istifadə sağlamlığı üçün ciddi ziyan olan) şəxs bunların əvəzinə təyəmmüm edə bilər. Təyəmmüm üçün hansısa ölkənin ya şəhərin torpağı, yaxud xüsusi torpaq növü tələb edilmir. İstənilən torpaqla təyəmmüm etmək olar. Ümumi şərtlər isə bundan ibarətdir:
Təyəmmüm edilən torpaq pak olmalıdır. Əgər torpağın nəcasətə bulaşdığını dəqiq biliriksə, ondan istifadə edə bilmərik. Nəcasətə bulaşdığını heç bir əsassız, sadəcə ehtimal ediriksə, bu halda həmin torpaq təyəmmümə yararlıdır.
Təyəmmüm torpağı nəm olmamalı, gil, yaş qum şəklinə düşməməlidir. Quru torpağa təyəmmüm etmək lazımdır. Torpaq elə olmalıdır ki, ovucları ona vurduqdan sonra qalıqları ovucda qalsın və onları silkələməklə tökülsün.
Təyəmmüm torpağını elə səpib hamarlamaq lazımdır ki, iki ovucun içi tam şəkildə birdəfəyə torpaqla təmasda olsun.






