Həcc zamanı nisa təvafını hər hansı səbəb üzündən yerinə yetirməmiş şəxsin övladı dünyaya gəlsə, halalzadə sayılır?

Həccin vacib əməllərindən biri də nisa təvafı və onun namazıdır. Şəriətə görə, nisa təvafını yerinə yetirməmiş şəxsin qalan ömrü boyunca cinci əlaqəyə girməsi haramdır. Belə ki, nisa təvafını etməmiş kişi öz qadınına, bu təvafı etməmiş qadın da öz ərinə yaxınlaşa bilməz. Hətta nisa təvafını etməmiş adamın istər öz həyat yoldaşı ilə cinsi əlaqəyə girməsi, istərsə də başqa adamla kəbin kəsdirməsi günahdır. Əgər bunu edərsə, günah qazanar. Nisa təvafını yerinə yetirməmiş şəxs sonradan mütləq imkan daxilində bir daha həccə gedib onun qəzasını etməlidir. Əgər bu onun üçün maddi və ya fiziki baxımdan çox çətin olarsa, həccə gedən başqa birisini naib (nümayəndə) təyin edə bilər ki, onun əvəzinə nisa təvafını etsin. Bununla belə, nisa təvafını yerinə yetirməmək doğulan uşaqların halal sayılmasına maneçilik törətməz. Boynunda nisa təvafı olan adamın cinsi əlaqəyə girməsi günah olsa da, onun həm bundan əvvəl, həm də sonra dünyaya gəlmiş uşaqları halalzadə sayılır.






