Hansı dəniz məhsullarını yemək icazəlidir?

Bu barədə İslam məzhəblərinin və alimlərin fikirləri fərqlidir. Onları ümumiləşdirərək belə deyə bilərik: Əhli-sünnə məzhəbində üstün olan rəyə görə alimlər bəzi Quran ayələrinə və hədislərə əsaslanaraq dənizdə yaşayan balıqların halallığı barədə hər hansı məhdudiyyət qoymayıblar. Belə ki, əhli-sünnə məzhəbinə görə, dənizdə yaşayan və balıq şəklində olan, balıq sayılan bütün canlılar yeyilə bilər. Maliki məzhəbi dənizdə yaşayan bütün canlıları da bura aid edir. Hənbəli məzhəbinə əsasən ilanbalığı istisna olunur. Şafii məzhəbində isə həm quruda, həm də suda yaşaya bilən qurbağa, timsah, xərçəng kimi canlıların əti yeyilməz.
Şiə məzhəbi suda yaşayan canlılar içində yalnız pulcuğu olan balıqları halal bilir, pulcuğu olmayan bütün balıqları, eləcə də balıq sayılmayan başqa su canlılarını yemək haramdır, burada yalnız krevetka (raçki, migu) istisna edilir və onu yeməyə icazə verilir.






