Zöhr namazını qılan şəxs üçüncü rükətdə səhvən təşəhhüdü deməyə başlayırsa, namazın düzgün olması üçün nə etməlidir?

Şəriətə görə, təşəhhüd bütün namazların həm ikinci, həm də sonuncu rükətlərində söylənilir. Belə ki, sübh namazının yalnız sonunda (ikinci rükətdə), məğrib namazının ikinci və üçüncü rükətlərində, zöhr, əsr və işa namazlarının ikinci və dördüncü rükətlərində təşəhhüdü demək lazımdır. Əgər insan dörd rükətlik namaz qılarkən unutqanlıq üzündən sonuncu rükətdə olduğunu düşünərək, ya da avtomatik olaraq, üçüncü rükətdə təşəhhüdü söyləyərsə, şəriətimiz bunun üçün də çıxış yolu qoymuşdur. Belə ki, səhvən təşəhhüd söyləməyə başlamış şəxs bunu nə zaman anlasa, təşəhhüdü kəsməli və növbəti əmələ keçməlidir. Yəni zöhr namazının üçüncü rükətində təşəhhüdü səhvən söyləyən adam bunu dərhal kəsərək ayağa qalxmalı, dördüncü rükətin qiraətini (təsbihati-ərbəə yaxud qısa surə) oxumalı və namazı başa çatdırmalıdır. Yersiz təşəhhüd söylədiyinə görə də namazı bitirdikdən sonra əlavə hərəkətə yol vermədən və qiblədən sönmədən dərhal səhv səcdəsi yerinə yetirməsi məsləhətdir. Səhv səcdəsi bu cür edilir: səhv səcdəsi niyyəti ilə alnını yerə qoyub istənilən zikri deyir, səcdədən qalxıb oturur, ikinci dəfə səcdəyə gedir, sonra oturaraq təşəhhüdü və sonuncu salamı söyləyir.

Exit mobile version