İslam suallarda

İslam qanunları “cinsi ehtirasın” alovlanmasına səbəb olurmu?

Müasir dövrdə din və cəmiyyət münasibətləri ətrafında aparılan müzakirələrdə ən çox mübahisə doğuran mövzulardan biri qadın və kişi münasibətlərinin tənzimlənməsidir.

Xüsusilə İslamın bu sahədə qoyduğu qaydalar bəzi çevrələr tərəfindən “məhdudiyyət” kimi təqdim olunur və müxtəlif sosial problemlərlə əlaqələndirilir.

Bu iddialar arasında cinsi azadlığın məhdudlaşdırılmasının guya cəmiyyətdə zorakılıq və gərginlik yaratdığı fikri də yer alır. Lakin məsələyə yalnız emosional və ya ideoloji yanaşma ilə deyil, tarixi təcrübə və sosial reallıqlar prizmasından baxmaq daha obyektiv nəticə verə bilər.

Hər bir cəmiyyət insanın təbii instinktlərini müəyyən hüquqi və əxlaqi çərçivələr daxilində tənzimləməyə çalışır.

Bu baxımdan İslamın yanaşması da müəyyən fəlsəfi və sosial prinsiplərə əsaslanır. Aşağıdakı sətirlərdə bu məsələyə dair irəli sürülən iddialara cavab verilir və mövzu daha geniş kontekstdə izah olunur.

Az.shafaqna.com böyük mərcə təqlid Ayətullah Məkarim Şiraziyə bu barədə verilən sual və cavabı təqdim edir:

Nə üçün İslam qadın və kişi münasibətlərində “məhdudiyyət” qoyub ki, bu da müsəlman cəmiyyətlərində vətəndaşlar arasında “cinsi ehtirasın” alovlanmasına və zorakılığın yaranmasına səbəb olsun?!

Birincisi: Sualda iddia olunduğunun əksinə olaraq, bəşəriyyətin tarixi təcrübəsinə və müasir azad cəmiyyətlərdə aparılan sahə araşdırmalarına əsasən, cəmiyyətdə zorakılıq və təhlükəsizliyin pozulmasına səbəb olan amil qadın və kişi arasında qeyri-məhdud və sərbəst münasibətlərdir, düzgün və ölçülü-biçili məhdudiyyətlər deyil. Zorakılıq qanunsuzluğun və hədsiz (sərhədsizliyin) sərbəstliyin nəticəsidir, hüquqi və şəri çərçivələrin yox.

İkincisi: Cinsi instinkt insanın ən güclü və ən köklü instinktidir və tarix boyu ölümcül hadisələrin və dəhşətli cinayətlərin mənbəyi olmuşdur. Cinsi ehtirasın müəyyən və sabit bir həddi yoxdur ki, onu tam sərbəst buraxmaqla səngisin; ehtiras alovlandıqda artıq onu dayandıracaq heç nə qalmır.

Üçüncüsü: İslam və digər ilahi dinlər cinsi instinkti boğmur; iddia edilən məhdudiyyət əslində iki əks cins arasındakı münasibətlərin qanuniləşdirilməsi və nizamlanmasıdır. İlahi məktəblərin məqsədi cinsi instinktin ailə quruluşu çərçivəsində nəzarətə alınması və düzgün istiqamətləndirilməsidir. Bu məktəblər nəfsin tərbiyəsini, münasibətlərin nəzarətdə saxlanılmasını, qidalanma növünə diqqət yetirilməsini, fərdi davranışın tənzimlənməsini, uyğun geyim qaydalarına riayət olunmasını və evliliyin təşviq edilməsini tövsiyə edir.

Daha çox göstər
Back to top button