Allahın “Rəhman” və “Rəhim” adlarının mənasında fərq varmı?

“Bismillahir-Rəhmanir-Rəhim” ayəsinin tərcümələrində Allahın bu iki adını ya eyni, ya da sinonim sözlərlə ifadə edirlər. Bunların hər ikisi “rəhm” kökündən olsa da, fərqli mənalara malikdir. Əks halda, onların hər ikisinin eyni ayədə işlənməsi məntiqsiz olardı. Bəzi təfsirçilərin fikrincə, “Rəhman” adı Allahın bu dünyada, “Rəhim” adı isə axirətdə mərhəmətli olmasını ifadə edir. Digər nəzəriyyəyə görə, “Rəhman” adı Allahın hamıya (istisnasız olaraq), “Rəhim” adı isə yalnız möminlərə münasibətdə mərhəmətli olduğunu göstərir. Daha bir nəzəriyyəyə əsasən, “Rəhman” adı Allahın yaradıcılıq, “Rəhim” adı isə bəsləyicilik (rəbb) xüsusiyyətini ifadə edir.
Bəzilərinin fikrincə, Allah bu dünyada bütün məxluqata qarşı Rəhman olsa da, Onun Rəhimliyi yalnız möminlərə şamildir. Kafirlər Allahın Rəhman sifətindən faydalansalar da, Rəhim sifətinin nemətlərindən məhrumdurlar. Onlara göstərilən ilahi mərhəmət məhduddur, müvəqqətidir, qiyamət günündə ədalət məhkəməsi qurulduqdan sonra bu ilahi mərhəmət sona çatacaq və onun yerini ilahi əzab tutacaq. Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən rəvayət ediblər ki, Həzrət İsa (ə) buyurmuşdur: “Rəhman – dünyada rəhmandır, Rəhim – axirətdə rəhimdir” (“Nurüs-səqəleyn” təfsiri, hədis 53).






