Allahın varlığının sübutlarından olan “hərəkət bürhanı” nə deməkdir?

Elm artıq çoxdan sübut edib ki, bütün kainat arasıkəsilməz hərəkət halındadır. Bu hərəkət özünü hər şeydə göstərir. Hərəkət müxtəlif cür ola bilər: kəmiyyət, keyfiyyət və məkan dəyişiklikləri hərəkətin növləridir. Ayrı-ayrı cismlər bir-birinə nisbətən hərəkət etməkdən əlavə cismlərin təbiətində də hərəkət vardır. İlk baxışda sabit və dayanıqlı gördüyümüz cismlər əslində Yer planeti ilə bərabər hərəkətdədərlər. Hətta tam sabit və hərəkətsiz bir cism tapsaq belə, nəzərə almalıyıq ki, onu təşkil etən atom və molekulların daxilində cazibə və dəfetmə qüvvələrinin təsiri altında zərrəciklərin daimi hərəkət prosesi gedir.
Əgər kainatı başdan-başa hərəkət bürüyübsə, bu hərəkətin yaradıcı qüvvəsi də olmalidır. Həmin hərəkətverici qüvvə Allahdır. Bu, Allahın varlığını zəruri edən əsas sübutlardan biridir və dini ədəbiyyatda “hərəkət bürhanı (sübutu)” adlandırılır.






