İslam dini evdə və ya həyətdə it saxlamağa necə baxır?

İt saxlamaqla bağlı üç mühüm məsələni diqqət mərkəzində saxlamaq lazımdır.
Birincisi, İslam dininə görə it yalnız faydasına görə saxlanılmasına icazə verilən canlılara aiddir. Yəni iti sadəcə əzizləmək və əylənmək xatirinə saxlamaq məsləhət görülmür. Faydası olan hallarda onu şərtlərinə uyğun şəkildə saxlamaq olar. Faydası olan hallar deyərkən, məsələn, evi qorumaq, ova aparmaq, bəzi təhlükəsizlik işlərində – gömrük, xilasedici və s. – onun köməyindən istifadə etmək nəzərdə tutulur.
İkincisi, it qətiyyən evin içində saxlanılmaz. Evi qorumaq və ya ov üçün iti yalnız həyətdə saxlamağa icazə verilir.
Üçüncüsü, nəzərə almaq lazımdır ki, təyinatından asılı olmayaraq it şəriətimizdə murdar canlı sayılır. Yəni onun ağzının suyu və nəm bədəni dəyən yerlər mütləq pak olunmalıdır. İtin bədəni ilə hər hansı əşya nəm halda təmasa girsə, murdar sayılar və pak olunmalıdır. İtin özünü isə yuyub təmizləməklə pak etmək mümkün deyil. Ona görə də həyətdə saxlanılan itin yem və su qabları ilə də buna uyğun rəftar edilməlidir.






