Haram yolla cənabətli olmaq deyərkən insanın şəriətdə qadağan edilmiş yolla boynuna cənabət qüslü gələn əməl etməsi nəzərdə tutulur. Məsələn, istimna (masturbasiya) etmək, Ramazan ayı gündüz vaxtı üzrü olmadan cinsi əlaqədə olmaq, zina etmək və s. Bu qəbildən olan əməlləri edən şəxs haramdan cünub olmuş sayılır. Keçmiş müctəhidlərin bəziləri bu şəxsin tərinin də qüsl alana kimi murdar olduğuna fətva verirdilər. Həmin rəyə görə, haram yolla cünub olmuş şəxsin qüsl alana kimi bədəni tərləsə, bədənin özü və tərin dəydiyi yer (paltar və s.) bulaşmış sayılır, pak edilməlidir. Hətta bu müctəhidlər haramdan cünub olmuş şəxsin isti deyil, ilıq su ilə qüsl etməsini məsləhət bilirdilər ki, tərləməsin.
Amma müasir məşhur müctəhidlərin hamısı haram yolla cünub olmuş şəxsin tərinin təmiz sayıldığını müdafiə edir. Hazırki müctəhidlərin fətvasına görə, haram yolla cünub olmuş şəxsin öz tərindən qorunması lazım deyil, isti su ilə qüsl alıb tərləməsi də icazəlidir.
