“Tovhidi-Müfəzzəl” kitabı nədən bəhs edir?

“Tovhidi-Müfəzzəl” İmam Cəfər Sadiqə (ə) aid edilən kitabın adıdır. İmam bu kitabın mətnini öz səhabəsi Müfəzzəl ibn Ömər Cüfiyə diktə etmiş, o da İmamın buyurduqlarını qələmə almışdır. Kitabın yaranma səbəbi haqqında deyirlər ki, bir gün Müfəzzəl Mədinə məscidində o zamanın materialistlərindən (bunlara dəhri deyirdilər) olan Əbdülkərim ibn Əbül-Övca ilə dini mövzuda mübahisə edir. İbn Əbül-Övca dolaşıq fəlsəfi sübutlarla Müfəzzəli aciz qoyur. Bundan sonra İmam Sadiq (ə) dörd gün ərzində ona həmin risaləni diktə edir ki, gələcəkdə bu cür mübahisələrdə orada yazılanlara əsaslansın. Kitab 4 bölümdən ibarətdir. Birinci bölümdə Allahın varlığı və sifətləri, ikinci bölümdə heyvanat aləminin və insanların fiziki quruluşundakı ilahi qaydalar, üçüncü bölümdə kainatın, göy cisimlərinin və təbiət hadisələrinin mahiyyəti, dördüncü bölümdə isə xəstəlik, ölum kimi halların, insanın başına gələn müsibət və bəlaların səbəbi izah olunur. Sonralar Müfəzzəl daha bir dəfə İbn Əbul-Övca ilə mübahisə edir və risalədə yazılanlar əsasında fikir bildirməklə ona qalib gəlir.

“Tövhidi-Müfəzzəl” kitabı müxtəlif dillərə tərcümə edilmiş, dəfələrlə şərh olunmuşdur. Azərbaycan dilində də tərcüməsi nəşr edilmişdir.

Exit mobile version