Aşura günündə Kərbəlada neçə nəfər şəhid olmuşdur?

Aşura şəhidlərinin sayı barədə mənbələrdəki məlumatlar kəskin şəkildə fərqlənir. Onların sayının 61-dən başlayaraq bir neçə yüz nəfər olması barədə məlumatlar vardır. Xalq içində və mərsiyə nümunələrində yayılmış məlumata görə, şəhidlərin sayı 72 nəfərdir.

Aşura şəhidlərinin sayının və adlarının fərqli olmasının bir neçə səbəbi vardır. Əvvəla, bu hadisənin ədalətli canlı şahidlərinin və rəvayətçilərinin sayı azdır; bu da bəzi rəvayətlərin mötəbər sayılmasını şübhə altına salır.

İkincisi, bəzi mənbələrdə şəhidlərin adları bir hərf və ya nöqtə fərqi ilə qeyd edilmiş, nəticədə çoxlu fərqlər yaranmışdır. Bəzən iki-üç fərqli adla qeyd edilmiş şəxs əslində bir nəfərdir.

Faciədən sonra şəhidlərin başları kəsilərək Kufəyə göndərildi, səhrada başsız cəsədlər qaldı. Bu da şəhidlərin şəxsiyyətinin təyin edilməsinə ciddi çətinlik törətmişdi.

Bu və digər səbəblər üzündən Aşura şəhidlərinin dəqiq sayını təyin etmək çətindir. Araşdırma nəticəsində onların sayının ən azı 105 nəfər olduğu məlum olur. Böyük ehtimalla Aşura şəhidlərinin sayı 105-125 nəfər arasında olmuşdur.

Exit mobile version