Bu kitabın bütöv adı “Əl-Lüm’ətüd-Diməşqiyyə”dir. Əsərin müəllifi tarixdə “Birinci şəhid” (Şəhidi-əvvəl) ləqəbi ilə tanınmış Şəmsəddin Mühəmməd ibn Məkkidir (1334-1384). O, görkəmli fiqh alimi idi. 1384-cü ildə məmlük sultanı Bərququn hakimiyyəti dövründə məzhəbi zəmində baş vermiş ədavət nəticəsində həbs edilmiş, bir il Dəməşq zindanında qaldıqdan sonra edam olunmuşdur. Birinci şəhidin ən məşhur əsərlərindən biri “Lümə” kitabıdır. Əsər cəfəri fiqhinin əsaslarına həsr edilib. Kiçik həcmli olmasına baxmayaraq, müəllif bu kitabda cəfəri fiqhinin bütün əsas prinsiplərini əhatə etməyə nail olmuşdur. Kitab hələ də dini təhsil ocaqlarında dərs vəsaiti kimi tədris olunur. Müəllif bu kitabı Dəməşq şəhərində zindanda olarkən qələmə almışdır. Maraqlı budur ki, bu kitaba ən məşhur şərhi yazmaq şərəfinə nail olmuş daha bir cəfəri alimi də şəhid edilmiş və “Şəhidi-sani” (İkinci şəhid) ləqəbi ilə tanınmışdır.
“Lümə” kitabı nədən bəhs edir?
