Çoxlu səhih hədisə əsasən, Həzrət Mühəmməd Peyğəmbər (s) və məsum imamlar “İxlas” (Qul huvəllah) surəsini 3 dəfə oxuyan adamın Quranı tam oxumuş qədər savab qazandığını buyurmuşlar. Hətta hədislərdə buyurulur ki, “İxlas” surəsini bir dəfə oxuyan adam Quranın üçdən-birini oxumuş kimidir. “İxlas” surəsini iki dəfə oxumuş adam Quranın üçdən-ikisini qiraət etmiş kimidir. Bu surəni üç dəfə oxuyan adam isə bütöv Quranı oxuyub bitirmiş kimidir. “Biharul-ənvar” kitabının 92-ci cildində bu barədə onlarla hədis nəql edilmişdir.
Bunun səbəbini bu şəkildə də izah ediblər: Məlum olduğu kimi Quran ayələrini məzmun etibarilə 3 qismə bölmək olar: əqaid və tövhid barədə olan ayələr, şəriət hökmləri və əxlaq barədə olan ayələr, keçmiş peyğəmbərlərin tarixindən bəhs edən ayələr. “İxlas” surəsində tövhid inancının əsasları qısa, amma çox möhkəm və əsaslı şəkildə açıqlanıb. Buna görə də bu surəni Qurandakı tövhid ayələrinin möhtəvası və xülasəsi hesab etmək olar. Bəlkə də bu üzdən məsumlarımız bu surəni oxumağı Quranın üçdən-birini oxumağa bərabər tutublar.
