“Səhifeyi-Səccadiyyə” dördüncü imam Əli Zeynülabidinə (ə) məxsus olan duaların toplandığı kitabdır. “Səccadiyyə” kəlməsi bu kitabın İmam Zeynülabidinə (ə) məxsus olduğunu bildirir; çünki o həzrətin ləqəblərindən biri də Səccad, yəni çox səcdə edən idi.
“Səhifeyi-Səccadiyyə” ümumilikdə 54 duadan ibarətdir. Dualar müxtəlif təyinatlıdır: Allaha həmdü-səna, günahların bağışlanması, çətinliklərin həll olması üçün oxunan dualar, Imamın özü, valideyni və övladlarından ötrü duaları, qonşu və dostlardan ötrü dua, xəstəlikdən sağalmaq, borcu qaytarmaq, ruzini artırmaq niyyətilə oxunan dualar, Ramazan ayının başlanğıcında və sonunda, Fitr bayramı, Ərəfə günü, Qurban bayramı və cümə günlərində oxunan dualar və sairə.
“Səhifeyi-Səccadiyyə”nin müqəddiməsində kitabın sənədi ətraflı şəkildə verilmişdir. Müxtəlif alimlər tərəfindən bu kitaba yazılmış şərhlərin sayı 40-dan artıqdır ki, bunların arasında Əllamə Məclisinin ərəbcə və Seyid Əli Nəqi Feyzül-İslamın farsca şərhləri daha məşhurdur. Şeyx Hürr Amüli, Mirzə Abdullah Əfəndi, Mirzə Hüseyn Nuri, Seyid Möhsin Əmin kimi məşhur şiə alimləri klassik “Səhifeyi-Səccadiyyə” mətninə daxil edilməmiş duaları bura əlavə edərək, daha iri həcmli məcmuələr hazırlamışlar. “Səhifeyi-Səccadiyyə”ni “Əhli-Beytin Zəburu” adlandırırlar.
