Və biz bilmirik ki… (Hekayə)
Oxucumuz Eldar İlqaroğlunun qələmə aldığı hekayəni təqdim edirik
Qonşumuz olmasına baxmayaraq heç onunla birlikdə oynamaq istəməzdim. Ailəsi kasıb olduğundan onun həm geyimini, həm də həyat tərzini özümə yaraşdırmırdım. Evlərində günlərlə yemək bişməzdi. Bütün günü bizdə olardı. Atam mənə nə alsaydı, anam nə bişirsəydi, onunla bölüşməyimi tapşırardılar. Hər payıma şərik olduğu üçün ondan zəhləm gedirdi. Tez-tez xəlvətdə onu acılayırdım, hətta döyürdüm ki, bizə gəlməsin, mənimlə oynamasın. İki gün gəlmirdisə, üçüncü gün yenə bizdə olardı. Mənim playstation, tetris kimi müxtəlif oyuncaqlarım var idi deyə, onun günlərlə bizə gəlməməsi vecimə olmazdı, amma onun nə oynayacaq oyuncağı, nə də bir oyun yoldaşı var idi.
Mal-qaraya yem, su vermək kimi evin başqa böyük işləri onun kiçik çiyinlərinə düşürdü. Əgər nəyisə vaxtında və düzgün etməsəydi, valideynləri və qardaşı tərəfindən cəzalanardı.
Ata-anası bir-biri ilə dalaşanda belə hirsini ondan çıxardılar. Onun üçün nəinki məktəb paltarı, heç kitab da almırdılar. Elə bir-iki dəftərlə tədris ilini başa vurardı. Sinif yoldaşları da ona sataşardılar, geyimini, buruq saçlarını məsxərəyə qoyardılar. Qonşumuz olduğu üçün mənimlə birgə məktəbə gedər və evə qayıdanda da mənimlə qayıdardı. Çox vaxt ondan xəbərsiz və ya tez yola düşərdim ki, mənimlə gəlməsin. O isə mənə heç kin bəsləməz, nifrət etməzdi. Neçə dəfə qəsdən onu valideynlərinə döydürmüşdüm. Bir dəfə anasına dedim ki, guya məktəbdə qızlara sataşır. Onu evdə o ki var döydülər və bir neçə gün məktəbə də qoymadılar.
Tətillərdə əmimuşaqları Bakıdan bizə gələrdilər, birlikdə həyətdə oynayardıq. O da həmişəki kimi gəlib bizə tamaşa edərdi. Bizimlə futbol oynaması üçün başını çiyninə qoyub yalvarardı. Ən yaxşı halda onu qapıçı qoyardıq.
Evdə atamgil mənə iş tapşıranda gizlicə bütün işləri ona gördürürdüm, əvəzində dondurma alacağıma söz versəm də, işi bitirəndən sonra almırdım. O da heç vaxt demirdi ki, bəs dondurma söz vermişdin…
Beləcə mən uşaq şıltaqlığımla ona qarşı çox haqsızlıqlar etmişdim. Məktəbi bitirəndən sonra mən ali məktəbə qəbul olundum, o isə hərbi xidmətə getdi. Uzun illər görüşmədik. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib haradasa iş tapıb işləyirdi. Mən də universiteti bitirib, elə Bakıda Xətai rayonunda bankların birində işə düzəlmişdim.
Günlərin bir günü onun təklifi ilə görüşdük. Çox dəyişmişdi, əvvəlki uşaqlıq simasından əsər-əlamət qalmamışdı, ciddiləşmişdi, səsi də dəyişmiş, əsl kişi səsi olmuşdu. Qürurlu, vüqarlı görünüşü var idi. Ona nisbətən mən isə heç dəyişməmişdim, uşaq ərköyünlüyümlə yenə onunla məzələnib, gülürdüm. Amma bu sözlərini heç unutmaram:
– Mənim üçün etdiyin yaxşılıqları unutmamışam, uşaqlığım sizin evinizdə keçib, ananın bişirdiyi təndir çörəyini, atanın aldığı şirniyyatları yaddan çıxarda bilmərəm. Hələ neçə dəfə səndən xəbərsiz sənin velosipedini gizlicə götürüb sürərdim, sənə deməzdim. Bir dəfə sənin elektron qol saatın xarab olmuşdu. Onu mən götürüb qoluma taxmışdım. Bilmədən düymələrini basıb xarab etmişdim. Həmişə səndə, ya da məktəbdə uşaqlarda saat görüb həsrətlə baxardım ki, görəsən, mənim də nə vaxtsa qol saatım olacaq? O vaxt saatını xarab etdiyimi boynuma almağa çox cəhd etmişdim, sizdə heç nə deməsələr də, bizimkilərdən sərt cəza alacaqdım, bunu bilirdim. Bütün bunlara görə səndən üzr istəyirəm, haqqını halal et.
– Əşşi boş ver, bunların hamısı arxada qalıb. Evdəkilər necədir? Nə edirlər?
– Həmişəki kimi… Çox istəyirəm, onların sevdiyi övlad olum, ancaq alınmır. İnan ki, əsgərlik dönəmində də özüm zəng vurub axtarmasaydım, heç kim məni axtarmırdı. Hər dəfə hərbi hissəyə əsgər yoldaşlarımın valideynləri gələndə, yaxud onlara sovqat göndəriləndə bağrım parçalanardı. Qüssədən boğulardım. Bilirdim, atam-anam kasıbdır, hər dəfə gələ bilmirlər, axı heç zəng də vurmurdular. Mən xidmətdə olduğum müddətdə qardaşımın toyunu ediblər, xəbər də etməyiblər ki, əlavə pul çıxmasın. Xidmətdən qayıdandan sonra bilmişəm. Sonra da Bakıya işləməyə gəldim. Həftədə bir dəfə zəng vurub hallarını soruşuram. Onlar isə soruşmur, harada qalırsan, nə yeyib, nə içirsən?
Mən də sözünü kəsərək, kobudluğuma salıb, uşaq vaxtı valideynləri onu necə döydüklərini xatırlayıb gülürdüm. O isə:
– Atanın hər dəfə sənin saçlarını sığallayıb, alnından öpməsini gördükdə ürəyimdə bir arzu alovlanırdı – kaş, mənim atam da məni belə əzizləyib öpəydi, “mənim əziz balam” sözünü bircə dəfə dilindən eşidəydim…
Axı mən valideynlərimdən pul, geyim, kitab-dəftər, sənin kimi mənə hər gün dondurma almaqlarını istəmirdim. Sadəcə sevgi, qayğı və xoş sözlərə ehtiyac duymuşam. Hələ də bunlar bir arzu olaraq qalır.
Bu görüşdən təqribən 1 il keçdiyinə baxmayaraq biz işlə əlaqədar görüşə bilmirdik. Hərdənbir mesajlaşır, hal-əhval tuturduq. Sən demə, Vətən müharibəsi başladıqda ona da çağırış gəlir və döyüşlərə qatılır. Mən isə bunları ancaq onun şəhidlik xəbəri gələndən sonra öyrənə bildim. Axşam eşitdiyim bu xəbər məni dəhşətli dərəcədə sarsıtmışdı. İçimdə qəribə bir hiss var idi, uşaqlıqdan xoşlamadığım, döydüyüm, söydüyüm, başına oyunlar açdığım bu adam mənim, ailəmin, xalqımın rifahı, əmin-amanlığı uğrunda canını fəda etmişdi. Heç vaxt qəlbimi belə qırmayan birinə mən nə qədər haqsızlıq etmişdim, Allah bilir… Onu itirdiyimə görə o qədər də yox , ona etdiklərimə görə gözlərimin yaşını saxlaya bilməməklə yanaşı, vicdanımı da heç cür sakitləşdirə bilmirdim. Dəfn mərasiminə qatılmaq üçün rayona yollandım. Dəfələrlə maşınımı yolun qırağına çəkib hönkürtü ilə ağlayıb, sonra yoluma birtəhər davam etdim. Axşam həyətimizə çatanda artıq tabutu gətirmişdilər. Maşınlar və insanların əlindən tərpənmək olmurdu. Ağlaşma və ah-nalə səslərindən göz yaşlarımı saxlaya bilmirdim.
Camaatın çoxu səhər dəfn olunacağını bilib dağılışıb getdikdən sonra, gecə saat 2 olardı, mən də onların evinə, tabut olan otağa girməli oldum. Üzünü açmışdılar.
Gördüyüm bu mənzərə onun bir il əvvəl mənə danışdığı uşaqlıq arzusunu xatırlatdı:
Atası saçlarını sığallayıb, alnından öpür və ağlayaraq “mənim əziz balam” çağırırdı. Anası tabutu qucaqlayıb ağı deyir, “bala vay” qışqırır, qardaşı da ayaq tərəfdə – dizləri üstdə oturub, hönkürürdü.
Bir həqiqəti anlayırdım ki, içi mən qarışıq, indi bu tabutun yaxınında olanların heç biri həyatda olarkən ona yaxın olmadılar.
Səhəri gün dəfn mərasimində şəhidin şəkillərini əllərində tutanlar da uşaqkən məktəbdə ona lağ edən sinif yoldaşları, arxasınca danışan, tez-tez xətrinə dəyən və bəlkə də sağlığında onun varlığından xəbəri olmayan qohumlar idi. Hamı göz yaşına qərq olmuşdu.
Bilmirəm, onlar da mənim kimi ona etdikləri haqsızlığa görə ağlayırdılar, yoxsa…
Çünki heç birimizin ağlına belə gəlmirdi ki, küsülü olduğumuz qardaşımız, etina etmədiyimiz qonşumuz, salamını almağa tənbəllik etdiyimiz sinif yoldaşımız, heç vaxt axtarmadığımız bibimizoğlu bir gün şəhid olub, ən yüksək zirvəyə ucalacaq…Və biz bilmirik ki, bu günə qədər və bundan sonra da nə qədər bəyənməyib, sevmədiyimiz, hətta dinsiz-imansız kimi zənn etdiyimiz şəxslərin neçəsi Allah dərgahında ən uca məqam sahibi olacaqlar?
Eldar İlqaroğlu