İslam suallarda

Məqami-İbrahim nə deməkdir?

Məqami-İbrahim Məkkə şəhərində, Kəbənin qapısı müqabilində kiçik qübbənin altında yerləşdirilmiş yastı daşın adıdır. Məqami-İbrahim ilə Kəbənin arasındakı məsafə təqribən 13 metrdir. Bəzi rəvayətlərə görə, əvvəllər Məqami-İbrahim Kəbənin divarına yaxın məsafədə qoyulmuşdu, sonralar indiki yerinə gətirildi. Rəvayətə görə, Həzrət İbrahim Peyğəmbər (ə) Kəbəni tikəndə əli çatmayan yerlərə daş qoymaq üçün bu daşın üstünə çıxarmış, daş da onun istədiyi hündürlükdə havada durarmış. Daşın üzərinə İbrahim Peyğəmbərin (ə) qoşa ayaq izi həkk olunub. Məqami-İbrahim təqribən kvadrat formalıdır, eni və uzunluğu 40 sm., hündürlüyü 50 sm.-ə yaxındır. Hal-hazırda Məqami-İbrahim kiçik günbəzlə örtülmüş metal məhəccərin altında yerləşir. Hacılar məhəccərin arxasından Məqami-İbrahimi görə və ziyarət edə bilirlər.

Həcc mərasimi zamanı təvaf Kəbə ilə Məqami-İbrahim arasındakı radius boyunca yerinə yetirilir, təvaf namazı Məqami-İbrahimin yerləşdiyi radiusun çölündə qılınır.

Qurani-kərimdə Məqami-İbrahimin adı bir neçə yerdə çəkilir: Ali-İmran, 97, Bəqərə, 125.

Daha çox göstər
Back to top button