Mədyən qövmü haqqında nə məlumdur?

Qurani-Kərimdə Həzrət Şüeyb Peyğəmbərin (ə) xalqı Mədyən qövmü adlandırılır. Mədyənlilər Ərəbistan yarımadasının şimal-qərbində, Ərəbistanla Sinay yarımadasını ayıran Əqəbə körfəzinin sahillərində yaşayırdılar. Onlar Həzrət Ibrahim Peyğəmbərin (ə) oğlu Mədyəndən törəmişdilər.
Mədyən əlverişli coğrafi mövqeyə malik idi, Yəmən-Suriya və İraq-Misir ticarət yollarının kəsişmə nöqtəsində yerləşirdi. Buranın əhalisi əsasən ticarətlə məşğul idi. Lakin onlar Allahın yolundan azmışdılar, bütlərə tapınırdılar. Üstəlik, çəkidə və ölçüdə aldadır, tərəzidə səhv çəkir, qəlp pul kəsirdilər. Həzrət Şüeyb (ə) mədyənliləri uzun müddət doğru yola çağırsa da, onlar peyğəmbərin sözünə əhəmiyyət vermədilər. Nəhayət, qorxunc bir gurultu səsi və dəhşətli zəlzələ Mədyəni yerlə-yeksan etdi. Həzrət Şüeyb (ə) və ona iman gətirmiş bir neçə şəxs istisna olmaqla, mədyənlilərin hamısı həlak oldu.






