Çərəkə kitabı nə deməkdir?

Çərəkə Qurandan bəzi surələrin və məişətdə çox işlədilən duaların toplandığı kiçik həcmli kitabçaya deyilir. Çərəkədə adətən matəm məclislərində və dini ayinlərdə oxunan Quran surələri (Yasin, Rəhman, kiçik həcmli surələr) və dualar (namazlardan sonra, Ramazan ayında, dəfn zamanı oxunan dualar, qurban, süfrə, Quran tapşırma duaları və s.) toplanıb. Bütün lazımi surələr və dualar rahat gəzdirilə bilən kompakt həcmli çərəkə halında hazırlanır.
Keçmişdə uşaqlar mollaxanada əvvəlcə çərəkəni “çıxır”, yəni oxuyub qurtarır, sonra Quran oxunuşuna keçirdilər. Bu, uşaqların ərəb əlifbası ilə ilk tanışlığı sayılırdı.
“Çərəkə” sözünün “parça, hissə” mənasını verən “çərək” sözündən götürüldüyü, yaxud fars dilində “Quranın dörddə-bir hissəsi” mənasını verdiyi ehtimal olunur.






