Bəzi hədis və dualarda rast gəldiyimiz “fərəc” sözü hansı mənanı verir?
Oxucu sual verir
Dini mətnlərimizdə “fərəc” kəlməsinə rast gəlirik, xüsusilə, bəzi duaların mətnində və onlara verilən izahlarda bu söz tez-tez işlədilir. “Fərəc” kəlməsi zəfər, qələbə, çətinliyin aradan qalxması, rahatlıq kimi mənalarda istifadə edilir. Elə dualar var ki, çətinliklərdən fərəc əldə etmək, yəni çətinlikləri həll etmək, rahatlığa çıxmaq, problemdən qurtulmaq məqsədilə oxunması tövsiyə olunur. Bəzən müsəlmanlar da bir-birinin problemlərindən xəbər tutanda, “Allah işlərinə fərəc versin” deyə dua edirlər.
Amma şiə (cəfəri) məzhəbində “fərəc” kəlməsi həm də özəl bir mənaya malikdir. On ikinci İmam Mehdinin (ə) vəd edilmiş gündə zühur etməsi fərəc adlandırılır. Bu mənada İmamın zühur günü şiələrin fərəc günü, yəni çətinlik və əziyyətlərin başa çatdığı gün olacaq. Şiəliyə aid mənbələrdə “Fərəc duası” adlanan dualar mövcuddur ki, bunları on iki İmamın zühurunu tezləşdirmək niyyətilə oxuyurlar.