Bu hədis Həzrət Mühəmməd Peyğəmbərdən (s) müxtəlif mənbələrdə nəql edilmişdir və səhih (düzgün) sayılır. Hədisin mənasına gəlincə, burada aşağıdakı məsələnin nəzərdə tutulduğunu ehtimal etmək olar: Məlumdur ki, insanın qarşılaşdığı günahların böyük bir qismi şəhvətdən qaynaqlanır. Haram baxış, haram toxunuş, zina, istimna və s. günahlar bu qəbildəndir. Bu günahlar əksər hallarda gənc və subay insanları öz ağuşuna alır. Belə ki, ailə qurmayan və öz cinsi tələbatını halal yolla ödəyə bilməyən şəxslər bu günahları daha tez-tez edirlər. Evli şəxsin isə bu günahları etmə ehtimalı daha aşağıdır. Amma yenə də evli şəxs üçün də günah ehtimalı vardır. Ona görə hədisin bəzi variantlarında davamı belədir: “Dininin o biri yarısı üçün isə Allahdan qorxsun” (yəni günahlardan uzaq dursun).
Başqa bir məsələ bundan ibarətdir ki, evli adamın sosial məsuliyyəti subaya nisbətən daha artıqdır. Ailəli adam öz həyat yoldaşının və uşaqlarının qayğısına qalmaqla, onlardan ötrü halal ruzi qazanmaqla savab qazanar. Bəzi hədislərdə buyurulur ki, ailəli adamın ibadəti subayın ibadətindən daha üstündür.
Şərhlər