Bəziləri deyir ki, xəstəlik zamanı sağalmaq üçün dərman qəbul etmək Allahın iradəsinə qarşı çıxmaqdır. Bu düşüncə doğrudurmu?
Dünyada baş verən bütün hadisələr Allahın elmi və qüdrəti daxilində baş verir. Xəstəliklər bəzən insana günahlarının kəffarəsi (əvəzi), bəzən sınaq, bəzən də bəla olaraq verilir. Bir çox xəstəliklər isə öz səhhətinə səhlənkar yanaşmağın, düzgün qidalanmamağın və digər təbii amillərin nəticəsində meydana çıxır.
Bəzi ifrat düşüncəli sufi dərvişlər təvəkkül (Allaha güvənmək) və riza (Allahdan razılıq) məqamlarının mənasını düzgün anlamadıqları üçün, bu mövzuda yanlış yola düşmüş, xəstəlik zamanı müalicədən uzaq durmağı təbliğ etmişlər. Halbuki, istər məsumların davranışı, istərsə sağlam məntiq bunun əksini deyir.
Xəstəlik zamanı hər şeyi Allahın ixtiyarına buraxmaq və müalicəsiz qalmaq dinimizdə qətiyyən bəyənilmir. Çünki insanın öz sağlamlığına qəsdən zərər yetirməsi günahdır. Müalicə lazım olduğu zaman bunu etməmək də özünü tələf etməklə eynidir və intiharın bir növüdür. Müsəlman şəxs Allahdan gələn hər şeyi, o cümlədən xəstəliyi səbirlə qarşılamalı, həm də müalicə üçün tədbirlər görməlidir. Allaha təvəkkül müalicə ilə yanaşı olmalıdır. Dünya hadisələri dünya qanunları ilə idarə olunur. Xəstəlikdən sağalmaq üçün də onu yaradan səbəbi aradan qaldırmaq, yəni müalicə olunmaq lazımdır. Bunu etmədən, hər şeyi Allahın öhdəsinə buraxıb gözləmək nadanlıqdır.