Fitrə zəkatını fəqirə nağd şəkildə verməmək, onun bank kartına köçürmək olarmı?

Keçmişdə bank əməliyyatları mövcud olmadığı və ya geniş yayılmadığı üçün bu cür məsələlər gündəmə gəlmirdi. Lakin son zamanlar virtual ödəniş əməliyyatları geniş vüsət qazandığı üçün fitrə zəkatının da bu yolla verilməsinin caiz olub-olmaması barədə müzakirələr aparılır.
Bəzi müctəhidlərə görə (məsələn, Ayətullah Məkarim Şirazi) fitrə zəkatını fəqir şəxsin bank kartına köçürmək icazəlidir. Bu zaman diqqət edilməlidir ki, köçürülən pul bayram axşamı məğrib zamanı ayrılan puldan başqa pul olmasın. Yəni insan məğrib zamanı fitrə zəkatı niyyəti ilə müəyyən məbləğ pulu ayırıb kənara qoysa, sonra kartında olan puldan fəqirə göndərsə, düzgün sayılmaz. Virtual yolla pulu fəqirə çatdırmaq istəyirsə, gərək kənara qoyduğu pulu öz kartına köçürsün, sonra kartdan-karta fəqirə yollasın, ya da məğrib zamanı kartındakı puldan müəyyən məbləğ ayırmağı niyyət etsin və onu fəqirin hesabına yollasın.
Bəzi müctəhidlər (məsələn, Ayətullah Sistani, Vəhid Xorasani) fitrə zəkatı üçün birbaşa bu cür virtual əməliyyatları icazəli bilmirlər. Çıxış yolu budur ki, ya insan özü fəqir şəxsdən vəkillik (yəni onun səlahiyyətli nümayəndəsi olmaq) icazəsi alsın, öz pulunu fəqirin vəkili olaraq qəbul etsin və sonra həmin pulu fəqirin kartına yollasın. Ya da pulu əvvəlcədən əmanət olaraq (fitrə niyyəti ilə deyil) fəqirin kartına köçürsün, fəqir də pulu onun adından kartdan çıxartsın və fitrə kimi özünə götürsün; yəni insan gərək pulu fəqirə göndərən zaman əmanət niyyəti etsin.