Əgər bir insan qul haqqına giribsə, yəni başqa adamın qeybətini edibsə və ya pulunu mənimsəyibsə, bu günahı necə silmək olar?

Qul haqqı, şəriət dili ilə desək, haqqun-nas insanın aqibətinə təsir edən günahlardan biridir. Hədislərdə buyurulur ki, Allah Özünə qarşı edilmiş günahı bağışlayar, amma bir bəndənin başqasına qarşı etdiyi günahı yalnız halallıq alınandan sonra bağışlayar. Boynunda qul haqqı olanlara qiyamət günündə deyiləcək ki, əvvəlcə haqq sahibindən halallıq alın, sonra bu günahınız silinə bilər. Ona görə insan çalışmalıdır ki, kimin haqqına giribsə, bu dünyada ondan halallıq alsın. Bunun üçün utanmaq lazım deyil. Hər nə qədər xəcalət gətirsə də, həmin adamı tapıb halallıq almaq lazımdır. O adamın əmlakı və pulu mənimsənilibsə, qaytarılmalıdır. Haqqında dil günahı – qeybət, iftira – edilibsə, halallıq alınmalıdır. Bundan sonra Allah dərgahında tövbə edib bağışlanma diləmək lazımdır. Əgər o adamı tapmaq heç cür mümkün deyilsə, xeyir işlər görüb savabını ona hədiyyə etmək olar. Məsələn, onun adından sədəqə vermək, kasıbları doyuzdurmaq, insanlara fayda verən sosial işlər (layihələr) həyata keçirmək və s.

Exit mobile version