Allah-Taala hər kəsin daxilində fitri olaraq Onu tanımaq, Ona tərəf yönəlmək duyğusu yerləşdirib. İnsanlar günah əməllərlə qəsdən bu duyğunu öldürür və fitrətin əksinə gedirlər. Hazırki dünyada demək olar ki, heç kimin doğru dini tapmaması üçün bəhanə yoxdur. Əqli cəhətdən normal olan hər kəs primitiv düçüncə və axtarışla Yaradanın varlığını özü üçün isbat edə bilər. Bundan sonra axtarış aparmalı, doğru dini və məzhəbi tapmalıdır. Allah-Taala bunun üçün insanlara peyğəmbərlər və səmavi kitablar göndərib. Quran hazırda həm kitab, həm də elektron variantda bütün dünyada əlçatandır. On minlərlə İslam alimi dini mövzuda kitablar yazıblar. Bütün məscidlərdə dini maarifləndirmə aparılır. Yas məclislərində dini söhbətlər edilir. İnternet səhifələri dini təbliğatla doludur. Bundan əlavə, demək olar ki, hər kəsin əhatəsində, yaxın və ya uzaq ətrafında dindar şəxslər vardır. Bütün bunları qulaqardına vuraraq Allahı, həqiqi dini tapa bilmədiyini söyləyən adam sadəcə bəhanə edir. Unutmayaq ki, firon Allahlıq iddiası etdiyi halda, onunla eyni ölkədə, eyni evdə və eyni zamanda yaşayan həyat yoldaşı Allaha iman gətirmişdi.
İnsanın qeyri-müsəlman ölkəsində və ya qeyri-dindar ailədə doğulması onu ilahi əzabdan xilas edir və ona doğru dində olmadığı üçün bəhanə verirmi?
