İslam dini bütün məsələlərdə olduğu kimi, ailə məsələlərində də dəqiq qaydalar müəyyən etmişdir. Bu qaydalar hər şeydən əvvəl tərəflərin bir-birinə hörmət bəsləməsinə və bir-birinin hüquqlarına ehtiramla yanaşmasına əsaslanır. İlk növbədə bunu qeyd edək ki, ailədaxili məsələlər imkan daxilində qarşılıqlı anlaşma şəraitində və mübahisəsiz həll edilməlidir.
Əgər kişi qadının zəruri xərclərini heç cür ödəmək fikrində deyilsə, bu halda qadın kişinin qazancından özünə lazım olan qədər xərclik götürə bilər. Bu zaman həddi aşmaq və qeyri-zəruri xərclərə girmək olmaz, belə edərsə, qadın günah qazanar. Qadın hər mümkün vasitədən istifadə etdikdən sonra nəticə əldə etməsə, şəriət hakiminə (mərceyi-təqlidə) kömək üçün müraciət edə bilər. Əgər bunu etməyə imkanı yoxdursa, o halda işə düzəlib öz zəruri xərclərini bununla qarşılaya bilər. Amma bu zaman da ərinin haqqına riayət etməli, ərinin haqqının işləmək vasitəsilə pozulmasına icazə verməməlidir.
