İslam dini əxlaqi məsələlərdə xüsusi həssaslıq göstərir. Dinimizin mühüm qaydalarından biri də naməhrəmlər arasındakı münasibətlərə aiddir. Bir-birinə məhrəm olmayan şəxslərin hər hansı şəkildə bədən təmasına girməsi – əl verib görüşməsi, qucaqlaşması, öpüşməsi, hər hansı yolla bir-birinə toxunması, hətta məhrəmanə söhbət etməsi və bir-birinə məhrəm gözlə baxması qadağandır və haramdır. Bunu edən və buna şərait yaradan şəxs Allah qarşısında günahkardır.
Yalnız bir halda naməhrəmlərin bir-birinə toxunması icazəli ola bilər ki, bu da həyati əhəmiyyət daşıyan hallara aiddir. Məsələn, suda batan naməhrəmi xilas etmək üçün başqa vasitə (ona ip ya çubuq uzatmaq, əlcəklə toxunmaq) mümkün deyilsə, zərurət halında əlindən tutaraq çəkib sudan çıxarmaq olar. Yaxud naməhrəmin yıxılıb öləcəyi təhlükəsi varsa, onun bədənindən tutaraq saxlamaq icazəlidir. Bir daha təkrar edirik ki, bunlar həyat əhəmiyyətli təhlükələr zamanı icazəlidir. Sadəcə olaraq əl verib görüşmək qətiyyən bu istisnaya aid deyil və icazə verilmir.
