İslama görə qız ailə qurmaq üçün nə zaman müstəqil fikir sahibi sayılır?

Dinimizə görə, bakirə qız kəbin kəsdirmək üçün mütləq atasından və ya babasından icazə almalıdır, icazəsiz kəsilən kəbin qeyri-qanuni sayılır. Əgər bakirə qızın atası ya babası vəfat edibsə, bu halda onu himayədə saxlayan, problermlərini həll edən və böyüyü sayılan şəxsdən icazə alınması məsləhətdir. Bunun səbəbi budur ki, az yaşlı qız social müdafiəyə daha çox ehtiyaclıdır, onu aldadıb evliliyə cəlb etmək ehtimalı da yüksəkdir. Qızın səhvə yol verməməsi, adının bədnam olmaması xatirinə şəriətimiz şərt qoyub ki, kəbin üçün onun böyüyünün icazəsi lazımdır.

Əgər qız el adətincə ərdə olub, sonra boşanıbsa və ya birinci əri vəfat edibsə, bu halda onun öz həyatı barədə sərbəst qərar verməsinin maneəsi yoxdur. Eləcə də, əgər qız öz taleyini həll edə bilmək, hansı evliliyin onun üçün faydalı olduğunu ayırd etmək, yaxşını pisdən seçmək bacarığına sahibdirsə, o, “rəşidə”, yəni əqli və psixoloji cəhətdən yetkin sayılır. Adətən, bu hal yüksək yaş həddində olan, iqtisadi baxımdan ailədən ehtiyac duymayan qızlarda müşahidə olunur. Kifayət qədər yaşa və həyat təcrübəsinə malik olan (rəşidə) qız öz taleyi barədə sərbəst qərar vermək hüququna sahib olur.

Exit mobile version