Bəzi məlumatlara görə, hələ Ağqoyunlu Uzun Həsənin zamanında Qurani-Kərim və bəzi hədis mənbələri Azərbaycan dilinə tərcümə olunaraq hökmdara təqdim edilmişdi. Daha sonralar – XX əsrin əvvəllərində Quranın Azərbaycan dilində iki bütöv tərcüməsi hazırlanaraq nəşr olunmuşdur. Hər iki tərcümədə mətnə qısa və zəruri şərhlər də verilmişdir.
Bakı quberniyasının qazısı Mir Məhəmməd Kərim Mircəfərzadənin (1853-1938) qələmə aldığı “Kəşfül-həqaiq” təfsiri 1904-cü ildə Bakıda üç cilddə çap edilmişdir. Kitabın çapını Hacı Zeynalabdin Tağıyev maliyyələşdirmişdir.
Digər Quran tərcüməsinin müəllifi Məhəmməd Həsən Mollazadə Şəkəvi (1853-1932) Şəkidə anadan olmuş, Azərbaycanda və İraqda mükəmməl dini təhsil aldıqdan sonra vətənə qayıtmış, 1907-09-cu illər arasında Zaqafqaziya şeyxül-İslamı kimi fəaliyyət göstərmişdir. Onun iki cildlik “Kitabül-bəyan fi təfsiril-Quran” əsəri 1908-ci ildə Tiflisdə nəşr edilmişdir.
