İslam tarixi boyunca bəzi şəxslər öz sağlığında qəbir qazdırıb hazır qoyublar. Hətta bəziləri hər gün bu qəbirin işinə girib bir müddət uzanmış, orada bir cüz Quran oxumuşlar. Bu işin imanı artırdığını, insanı dünya bağlılıqlarından azad etdiyini və axirətə diqqətlə yanaşmağa sövq etdiyini yazırlar. Bu cür insanlar adətən ölüm haqqında daha çox düşünür, ona hazırlaşır, öz əməllərinə məsuluyyətlə yanaşırlar. Ona görə də bu iş dinimizdə pis qarşılanmır, hətta əksinə, bəyənilir.
Amma bu zaman bəzi qaydalara da riayət edilməlidir. Əgər məzarlıqda qəbir yeri azdırsa və insanın özü üçün qəbir qazdırması başqa şəxslərin qəbir yeri tapmasına maneçilik törədəcəksə, yaxşı olar ki, bu işdən çəkinilsin. Çünki dinimiz insanın ilk növbədə cəmiyyət qarşısında öz vəzifələrinə riayət etməsini və qəsbə yol verməməsini tələb edir.
